Ronald Kuman Niderland millisindən ayrıldı – Rəsmi

63 yaşlı mütəxəssis Ronald Kuman futbol üzrə dünya çempionatındakı (DÇ-2026) uğursuz çıxışdan sonra Niderland yığmasının sükanı arxasından ayrılıb.

Arena.az xəbər verir ki, təcrübəli məşqçi bu qərarını komandanın DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq turnirlə vidalaşmasından bir gün sonra elan edib.

Bununla da Kumanın “narıncılar”dakı ikinci dönəmi başa çatıb. Təcrübəli çalışdırıcı Niderland Futbol Federasiyasına (KNVB) müqaviləsinin başa çatmasından sonra onu uzatmayacağını bildirib.

Kuman yaydığı bəyanatda bu qərarı verməyin onun üçün asan olmadığını vurğulayıb:

“Uzun müddət bu məşqçilər korpusu və futbolçularla çox sıx işlədiyim üçün belə qərar qəbul etmək asan olmadı. Hər iki dönəmdə milli komandada çalışan hər kəsə göstərdikləri fədakarlığa görə səmimi təşəkkürümü bildirirəm.

Əlbəttə, dünya çempionatındakı çıxışımızın bu qədər tez başa çatması böyük məyusluqdur. Lakin zaman keçdikcə bu dövrü daha çox birlikdə yaşadığımız gözəl anlar və uğurlu əməkdaşlıqla xatırlayacağam. İndi isə həyat yoldaşıma, övladlarıma və nəvələrimə daha çox vaxt ayırmağın doğru zaman olduğunu düşünürəm. Hazırda bu qərar mənə ən düzgün və təbii seçim kimi görünür”.

Xatırladaq ki, Ronald Kuman ilk dəfə Niderland millisini 2018-2020-ci illərdə çalışdırıb və komandanı UEFA Millətlər Liqasının finalına, həmçinin uzun fasilədən sonra Avropa çempionatının final mərhələsinə çıxarıb. Daha sonra “Barselona”ya yollanan mütəxəssis 2023-cü ildə yenidən yığmanın sükanı arxasına qayıtmışdı. Onun rəhbərliyi altında Niderland millisi AÇ-2024-də yarımfinala yüksəlsə də, DÇ-2026-da 1/16 final mərhələsində mübarizəni dayandırdı.

Niderland Futbol Federasiyasının yaxın günlərdə Kumanın varisini müəyyənləşdirmək üçün yeni baş məşqçi axtarışına başlaması gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: