Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünə start verilib və ilk qarşılaşmalar baş tutub.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Albaniyanın “Elbasani” və Belarusun BATE komandaları arasındakı ilk matçda qalib müəyyənləşməyib. Yeri gəlmişkən, AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov bu oyunun UEFA nümayəndəsi olub.
Maraq üçün xatırladaq ki, “Elbasani” ilə BATE arasındakı cavab qarşılaşması iyulun 16-da Azərbaycanda təşkil ediləcək. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək.
UEFA Belarus klublarına ev oyunlarını öz ölkələrində keçirməyə icazə vermir. Bu üzdən də sözügedən komandalar avrokubok oyunlarını neytral meydanlarda keçirmək məcburiyyətində qalırlar.
İlk oyun gününün digər görüşü isə Lüksemburqda təşkil edilib. Yerli “Strassen” komandası San Marino təmsilçisi “La Fiorita”nı tək qolla yenib.
Konfrans Liqasında ilk raundun qalan oyunları iyulun 8-də və 9-da keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” sabah Sumqayıtda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
7 iyul
Strassen (Lüksemburq) – La Fiorita (San Marino) 1:0
Elbasani (Albaniya) – BATE (Belarus) 1:1


