Qulyelmo Arena Nepal millisinin baş məşqçi postundan ayrıldı

İtaliyalı futbol mütəxəssisi Qulyelmo Arena ölkədəki qalmaqallı qərarlarla əlaqədar Nepal milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, o, bu qərarı Beynəlxalq Futbol Federasiyasının (FİFA) Nepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü müvəqqəti dayandırmasından sonra verib.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Daha əvvəl Sinqapur, Əlcəzair, İsveçrə və Mərakeş klublarında çalışmış italiyalı mütəxəssis avstraliyalı Mett Rossun gedişindən sonra Nepal millisinin baş məşqçisi təyin olunmuşdu.

Qulyelmo Arena bildirib ki, yaranmış vəziyyət diqqətlə qiymətləndirildikdən sonra ANFA ilə müqavilənin ləğvi barədə qarşılıqlı razılığa gəliblər.

FİFA-nın qərarına əsasən, Nepal millisi və ölkə klubları beynəlxalq turnirlərdə iştirak hüququnu da itirib. Bundan başqa, ANFA təşkilatın üzvü kimi bütün hüquqlarından məhrum edilib. Assosiasiya və onun nümayəndələri FİFA və Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramları, təlim kursları və digər layihələrində də iştirak edə bilməyəcəklər.

FİFA-nın baş katibi Mattias Qrafströmün ANFA prezidenti Kiran Raya ünvanladığı məktubda bildirilib ki, sanksiyanın tətbiqinə səbəb Nepal Milli İdman Şurasının (NSC) assosiasiyanın nizamnaməsini kobud şəkildə pozması, seçki prosesi ilə bağlı uzunmüddətli münaqişə və üçüncü tərəflərin seçkilərə müdaxiləsi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: