Lamin Yamal DÇ-nin ən gənc qalibləri sırasında!

İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatının (DÇ-2026) qalibi olmaqla mundial tarixinin ən gənc çempionları sırasına daxil olub.

Arena.az xəbər verir ki, 19 yaş 6 günlük olarkən dünya çempionluğu yaşayan Yamal bu göstəricidə turnir tarixində beş ən gənc qalib futbolçudan biri olub.

Ondan daha gənc yaşda bu titula yalnız üç futbolçu sahib çıxıb.

Bu rekorda Braziliya millisinin əfsanələri Pele (17 yaş 249 gün) və Ronaldo (17 yaş 298 gün), həmçinin İtaliya yığmasının futbolçusu Cüzeppe Berqomi (18 yaş 174 gün) nail olublar.

Yamal 2026-cı il dünya çempionatının finalında Argentina ilə qarşılaşmada İspaniya millisinin start heyətində meydana çıxaraq daha bir tarixi göstəriciyə imza atıb.

Həmin görüşdə Argentina millisinin kapitanı Lionel Messi də ilk dəqiqələrdən meydanda olub. Messi 39 yaşında, Yamal isə 19 yaşında olarkən finala çıxıb və dünya çempionatları tarixində finalın start heyətlərində yer alan futbolçular arasında ən böyük yaş fərqini yaradıb.

İlk dəfədir ki, mundial finalında start heyətində meydana çıxan iki futbolçu arasında yaş fərqi 20 ildən çox olur.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. O, əsas komandada 2023-cü ilin aprelindən çıxış edir. Gənc futbolçu katalonlarla üç dəfə İspaniya çempionluğu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kuboku (2025, 2026) və bir dəfə ölkə kuboku (2025) qazanıb.

Yamal İspaniya millisi ilə də böyük uğur əldə edib və 2024-cü ildə Avropa çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: