Rəşad Sadıqov “Payde”yə ilk oyundakı məğlubiyyəti şərh etdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Estoniya komandaları arasında bu gün səfərdə baş tutmuş oyun “Zirə”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında cavab qarşılaşmasında mərhələni keçməyə çalışacaqlarını bildirib:

“İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə fəal başladıq. Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik”.

Baş məşqçi Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinin bu məğlubiyyətə aidiyyatı olmadığını da vurğulayıb:

“Legioner limiti bir gün ərzində müzakirə ediləcək məsələ deyil. Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur. Bu gün rəqib qalib gəldi. Biz də səfərdə qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Avrokuboklarda oyunlar həmişə fərqli olur. Bilirdik ki, keçirdiyimiz iki görüşdən sonra rəqib bizi yaxşı təhlil edib. Bizə oynamağa imkan verməməyə çalışacaqlar. Səfərdə rəqib üstün oldu. Evdə isə çalışacağıq ki, üstün tərəf biz olaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: