Futbol üzrə Cənubi Koreya millisinin və Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Li Kan İn bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Madrid təmsilçisinin yaydığı məlumata görə, 25 yaşlı futbolçu ilə 2031-ci ilin iyunun 30-dək nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb. Li Kan İn yeni komandasında 7 nömrəli formanı geyinəcək.
“Transfermarkt”ın məlumatına əsasən, bu keçid “Atletiko”ya 40 milyon avroya başa gəlib.
Li Kan İn 2023-cü ilin yayından PSJ-də çıxış edirdi. O, Fransa klubunun heyətində 124 oyuna çıxaraq 16 qol vurub və 16 məhsuldar ötürmə verib.
Cənubi koreyalı futbolçu PSJ ilə iki dəfə UEFA Çempionlar Liqasının, bir dəfə UEFA Super Kubokunun, bir dəfə Qitələrarası Kubokun, üç dəfə Fransa çempionatının, iki dəfə Fransa Kubokunun və iki dəfə Fransa Super Kubokunun qalibi olub.
İnçon şəhərində anadan olan Li Kan İn 10 yaşında “Valensiya”nın akademiyasına qoşulub və 2018-ci ildə əsas komandada debüt edib. Daha sonra “Malyorka”da çıxış edən yarımmüdafiəçi 2023-cü ildə PSJ-yə transfer olunmuşdu.
Cənubi Koreyanın aşağı yaş qrupları üzrə millilərində də çıxış etmiş Li Kan 2019-cu ildə U-20 dünya çempionatının gümüş mükafatçısı olub və turnirin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanıb. O, həmçinin 2022-ci il Asiya Oyunlarında (yarış 2023-cü ildə keçirilib) Cənubi Koreyanın U-23 millisi ilə qızıl medal əldə edib.
Li Kan 2019-cu ildən Cənubi Koreyanın əsas millisinin üzvüdür və indiyədək yığmada 50 oyun keçirib. O, 2026-cı il dünya çempionatında da ölkəsinin millisinin heyətində çıxış edib.


