“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Finlandiya çempionları arasındakı cavab qarşılaşması sabah Kuopioda keçiriləcək.
Valdas Dambrauskas sözügedən oyundan öncə təşkil edilmiş mətbuat konfransında səfərdə çətin oyuna çıxacaqlarını bildirib:
“Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, UEFA Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur”.
Litvalı mütəxəssis rəqib komandanın çox motivasiyalı olacağını və bütün gücünü ortaya qoyacağını söyləyib:
“Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik”.
Qeyd edək ki, bu komandalar arasında ötən həftə Bakıda keçirilmiş ilk görüşdə “Sabah” 1:0 hesablı qələbəyə sevinib. Sabah Kuopio şəhər mərkəzi stadionunda baş tutacaq cavab matçına isə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.


