“Orhus”un baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Danimarka və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma sabah Randers şəhərində baş tutacaq.
Yakob Poulsen bu gün oyundan əvvəl təşkil edilmiş mətbuat konfransında Azərbaycan çempionunu güclü komanda kimi tanıdıqlarını söyləyib:
“Hazırlığımızı yaxşı keçirmişik və bizi nələrin gözlədiyini bilirik. “Sabah” yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz ölkə çempionluğunu, adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və həmin mövsümdə Çempionlar Liqasında çıxış etmiş “Qarabağ”ı qabaqlayaraq qazandılar. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağımızı bilirik”.
Poulsen “Sabah”ın yaxşı təşkilatlanmış komanda olduğunu bildirib:
“Onların hücum xəttində sabit çıxış edən dörd futbolçu və hər fürsəti qola çevirən bir mərkəz hücumçuları var. Müdafiədə də çox sabit oynayırlar və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermirlər”.
Qeyd edək ki, sabah Randers stadionunda keçiriləcək “Orhus” – “Sabah” matçına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Komandalar arasındakı cavab matçı isə avqustun 11-də Masazırda təşkil olunacaq.


