Robert Levandovski “Barselona”nın əfsanələri sırasında yer aldı!

Futbol üzrə Polşa yığmasının hücumçusu Robert Levandovski İspaniyanın “Barselona” klubunun rəsmi saytında “Əfsanələr” bölməsinə daxil edilib.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, Levandovski 2022-ci ilin yayından bu ilin yayına qədər “Barselona”nın formasını geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 193 matçda 120 qol vurub, 24 məhsuldar ötürmə verib. Levandovski klub tarixinin ən yaxşı bombardirləri siyahısında 14-cü yeri tutur. “Lyova” Kataloniya təmsilçisinin heyətində üç dəfə La Liqa çempionu, üç dəfə İspaniya Super Kubokunun, bir dəfə isə İspaniya Kubokunun qalibi olub.

Təcrübəli hücumçu daha əvvəl Almaniyada da parlaq karyera qurub. O, 2010–2014-cü illərdə “Borussiya” (Dortmund), 2014–2022-ci illərdə isə “Bayern”in şərəfini qoruyub. Münhen klubunun heyətində 8 dəfə Bundesliqanın, üç dəfə Almaniya Kubokunun qalibi olmuş Levandovski, həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının kubokunu başı üzərinə qaldırıb.

Polşa millisinin tarixinin ən məhsuldar futbolçusu olan Levandovski yığmanın heyətində keçirdiyi 165 oyunda 89 qola imza atıb.

Robert Levandovski hazırda MLS-də “Çikaqo Fayr”ın şərəfini qoruyur. O, bu yay azad agent kimi qoşulduğu ABŞ klubu ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: