Xofre Torrents “Barselona”nı “Ayaks”a dəyişdi

Futbol üzrə İspaniya çempionu “Barselona”nın cinah müdafiəçisi Xofre Torrents bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Niderland klubunun rəsmi saytına istinadən xəbər verir.

19 yaşlı futbolçu ilə Amsterdam təmsilçisi arasındakı müqavilənin müddəti 2030-cu ilədək nəzərdə tutulub.

Niderland klubu bu transfer üçün bonuslar nəzərə alınmaqla təxminən 6 milyon avro ödəniş edəcək. “Barselona” müdafiəçinin növbəti satışından 50 faiz pay almaq hüququnu özündə saxlayıb.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Xofre Torrents əsas komandada 4 matç keçirib. İspaniyanın U-15, U-16, U-17 və U-19 yığmalarında da oynamış futbolçu hələlik gənclərdən ibarət millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: