“Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq komandasının qarşıdakı mövsümlə bağlı hədəflərindən danışıb.
Arena.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 29 yaşlı futbolçu “Barselona”nın güclü heyətə malik olduğunu və komandanın hər il daha da inkişaf etdiyini bildirib:
“Biz öz gücümüzə inanırıq. Düşünürəm ki, yaxşı heyətimiz var və onu daha da gücləndirməyi bacarırıq. Hər il daha da güclənirik. Gənc komandayıq, amma artıq bir sıra titullar qazanmışıq. Ambisiyalıyıq və daha çox qələbə əldə etmək istəyirik”, – deyə niderlandlı futbolçu vurğulayıb.
Frenki de Yonq xüsusilə Çempionlar Liqasını “Barselona” üçün prioritet hədəflərdən biri adlandırıb:
“Bütün turnirlərdə çıxışımıza ümidlə başlayacağıq. Son illərdə titullar qazanmışıq, amma hələ yerinə yetirmədiyimiz bəzi hədəflər var. Biz hər il hər şeyi qazanmaq istəyirik. Əlbəttə, Çempionlar Liqası bizim üçün xüsusi bir hədəfdir”, – deyə yarımmüdafiəçi bildirib.
“Barselona” yeni mövsüm öncəsi həm daxili yarışlara, həm də avrokuboklara hazırlığını davam etdirir. Kataloniya klubu La Liqada və Avropa arenasında yenidən ən yüksək hədəflər uğrunda mübarizə aparmaq niyyətindədir.


