Almaniyanın “Bayer” (Leverkuzen) klubunun cinah hücumçusu Ernest Poku bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
22 yaşlı futbolçu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Tərəflər 1 illik icarə müqaviləsinə imza atıblar.
Almaniyada dünyaya göz açan, Niderland və Qana vətəndaşlığı da olan hücumçu “Alkmar”ın yetirməsidir. O, 2025-ci ildə Niderland klubundan 10 milyon avro müqabilində “Bayer”ə keçmişdi. Poku Leverkuzen təmsilçisinin heyətində 45 oyuna çıxıb, 5 qol vurub, 8 məhsuldar ötürmə verib.
Ernest Poku Niderlandın U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 212 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Pokunu heyətinə qatan “Beşiktaş” yarımmüdafiəçisi Jan Onana ilə də yollarını ayırıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Kamerun milli komandasının üzvü ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Jan Onana peşəkar karyerasına Portuqaliyanın “Leyşoyş” klubunda başlayıb. Fransanın “Lill”, “Bordo” və “Lans”, Belçikanın “Muskron” klublarında da oynamış dayaq yarımmüdafiəçisi “Beşiktaş”a 2023-cü ilin iyul ayında azad agent kimi qoşulub. Yarımmüdafiəçi “qara qartallar”ın heyətində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kamerunlu futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədər idi. O, “Beşiktaş”da olarkən Marsel “Olimpik”ində (Fransa) və “Cenoa”da icarəyə də verilib.
Onana Kamerun yığmasında 10 oyun keçirib, məhsuldarlıq nümayiş etdirə bilməyib.


