UEFA, Canni İnfantino yenidən namizədliyini irəli sürəcəyi təqdirdə onun FİFA prezidenti seçkilərində namizədliyini dəstəkləməyəcək.
Arena.az bu barədə qitənin ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir.
FİFA prezidentinin seçkilərinin 2027-ci ilin martında Rabatda keçirilməsi planlaşdırılır.
UEFA-nın açıqlamasında bildirilib:
“Əgər FİFA-nın hazırkı prezidenti yenidən namizədliyini irəli sürmək qərarına gəlsə, UEFA tərəfdaş konfederasiyalarla birlikdə üzv assosiasiyalara dürüstlük, hesabatlılıq, inkişaf və real institusional dəyişiklik prinsiplərinə sadiq olan layiqli alternativ namizəd təqdim etmək üçün səylərini birləşdirəcək”.
Qeyd edək ki, İnfantino FİFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək FIFA Forward Enterprise adlı şirkət yaratmaq istəyirdi. FİFA-nın məlumatına görə, bu layihənin 4,2 milyard dollar gəlir gətirmək potensialı var idi. Lakin təşəbbüs bir sıra futbol qurumları tərəfindən ciddi tənqid olunub.
İnfantinonun təklifinə UEFA ilə yanaşı Şimali və Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) da qarşı çıxıb. UEFA daha sonra İnfantinonun layihədən imtina etməsinə baxmayaraq, FİFA prezidentinə etimadın itdiyini açıqlayıb.
56 yaşlı İnfantino 2016-cı ilin fevralında FİFA prezidenti seçilib və daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib.


