Argentina millisinin heyətində Olimpiya çempionu olmuş Kristian Alberto “Kili” Qonsales “İnter Mayami”nin baş məşqçisi təyin edilib.
Arena.az bu barədə MLS-in son çempionunun rəsmi saytına istinadən xəbər verir.
52 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Qonsales iş icazəsi aldıqdan sonra komandanın rəhbərliyini üzərinə götürəcək. Həmin vaxta qədər “İnter Mayami”ni baş məşqçi səlahiyyətlərini icra edən Gilyermo Oyos çalışdıracaq.
“İnter Mayami”nin əvvəlki baş məşqçisi Xavyer Maskerano 2024-cü ilin noyabrından 2026-cı ilin aprelinə qədər komandaya rəhbərlik edib. Klub məhz onun rəhbərliyi altında tarixində ilk dəfə MLS çempionu olub. Bundan sonra Oyos baş məşqçi səlahiyyətlərini icra edən şəxs təyin edilmişdi.
Futbolçu karyerası ərzində Qonsales İspaniya çempionu və Superkubokunun qalibi olduğu “Valensiya”da, həmçinin İtaliyanın “İnter” klubunda çıxış edib. Milan təmsilçisi ilə iki dəfə İtaliya Kubokunu, həmçinin ölkə çempionluğu və Superkuboku qazanıb.
Kili Qonsales 2004-cü ildə Argentina millisinin heyətində Olimpiya Oyunlarının qızıl medalını əldə edib. Həmin il Amerika Kubokunda da gümüş medal qazanıb.
“İnter Mayami” hazırda MLS-in Şərq Konfransında ikinci pillədə qərarlaşıb. Komandanın 21 oyundan sonra 39 xalı var. ABŞ klubunun heyətində Argentina və dünya futbolunun ulduzu Lionel Messi də çıxış edir.


