Futbol üzrə Almaniya yığmasının 31 yaşlı mərkəz yarımmüdafiəçisi Leon Qoretska bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Qoretska azad agent kimi “Aston Villa”ya qoşulub. 31 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Qoretskanın sonuncu iş yeri Almaniya nəhəngi “Bayern” olub. O, 8 ildir formasını geyindiyi Münhen klubundan bu yay ayrılıb.
Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçmişdi. Yarımmüdafiəçinin Münhen təmsilçisindəki karyerası bütövlükdə 312 oyun, 51 qol və 53 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Bohum” klublarının da uğurları üçün çalışıb.
Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 73 oyun keçirib, 15 qol vurub, 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Leon Qoretskanı 12 milyon avro məbləğində qiymətləndirir.


