Fabio Miretti “Beşiktaş”a, Feliks Uduoxay Berlinə üz tutdu

İtaliyanın “Yuventus” klubunun mərkəz yarımmüdafiəçisi Fabio Miretti bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İstanbul klubu Mirettini satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. “Beşiktaş” bir mövsümlük icarə üçün “Yuventus”a 2,1 milyon avro ödəyib. Türkiyə nəhəngi italiyalı futbolçunun transfer hüquqlarının alınması üçün əlavə 13 milyon avro xərcə düşməlidir.

Fabio Miretti “Yuventus”un öz yetirməsidir. 23 yaşlı yarımmüdafiəçi Turin klubunun əsas komandasında 106 oyuna çıxıb, 3 qol vurub, 8 assist müəllifi olub. O, bir mövsüm “Cenoa”da da icarədə olub.

İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Fabio 2022-ci ildə əsas millidə də debüt edib, amma ondan sonra forma şansı qazanmayıb.

Mirettini heyətinə qatmış “Beşiktaş” bir legioneri ilə də yollarını ayırıb. İstanbul klubu almaniyalı mərkəz müdafiəçisi Feliks Uduoxayla vidalaşıb. 28 yaşlı futbolçu Almaniyanın “Union Berlin” klubuna keçib. Bundesliqa təmsilçisi bu transfer üçün “qara qartallar”a 1,5 milyon avro ödəyib.

“Beşiktaş” Feliksi 2025-ci ilin yayında Almaniyanın “Auqsburq” klubundan 5 milyon avro müqabilində transfer etmişdi. Müdafiəçi İstanbul təmsilçisinin heyətində 58 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: