Alvaro Morata “Leqanes”də!

İtaliyanın “Komo” klubunun ispaniyalı tanınmış hücumçusu Alvaro Morata bundan sonra “Leqanes”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, İspaniyanın ikinci liqasında çıxış edən “Leqanes” 33 yaşlı hücumçunu heyətinə qatdığını rəsmi saytı vasitəsilə açıqlayıb.

İcarə müqaviləsi bir mövsümlük nəzərdə tutulub. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt yoxdur.

Alvaro Morata karyerası ərzində İspaniyanın “Real” və “Atletiko”, İtaliyanın “Yuventus” və “Milan”, İngiltərənin “Çelsi”, Türkiyənin “Qalatasaray” klublarında çıxış edib. Ötən mövsüm “Komo”nun heyətində bütün turnirlərdə 30 oyuna çıxan ispaniyalı futbolçu 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Morata üçqat İtaliya Kuboku, ikiqat İtaliya və İspaniya çempionudur. O, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi, İtaliya Super Kubokunun, İspaniya Kubokunun, Klublararası Dünya Kubokunun, UEFA Super Kubokunun, İngiltərə Kubokunun, Avropa Liqasının, Türkiyə çempionatının və Türkiyə Kubokunun qalibi olub.

İspaniya millisində 87 oyun keçirən Morata 37 qol vurub və 8 məhsuldar ötürmə edib. O, milli komandanın heyətində 2024-cü ildə Avropa çempionu, 2023-cü ildə isə Millətlər Liqasının qalibi olub.

“Leqanes” İspaniya çempionatının ikinci səviyyəsi olan Sequndada mübarizə aparır. Komanda iki turdan sonra 4 xal toplayıb. “Leqanes” ötən mövsüm La Liqada 18-ci yeri tutaraq aşağı liqaya düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: