Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov “Bursaspor”un bu gün keçirdiyi “Kayserispor”la matçı buraxıb.
Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində “Kayserispor”la qarşılaşıb.
Sözügedən komanda bu rəqiblə səfərdə üz-üzə gəlib. Oyun “Bursaspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın sonadək ehtiyatda qalıb.
“Bursaspor” hazırda 9 xalla iki şərikli liderdən biridir.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 3 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.


