Futbol üzrə Mərakeş milli komandasının dayaq yarımmüdafiəçisi Sofyan Amrabat bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu Niderland nəhənginə azad agent kimi qoşulub. Təcrübəli oyunçu ilə 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş 2 illik müqavilə imzalanıb.
Sofyan Amrabat son olaraq Türkiyənin “Fənərbağça” klubunun formasını geyinib. O, İstanbul təmsilçisinin heyətində 45 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Utrext”in yetirməsi olan Amrabat karyerası ərzində “Feyenoord”, “Brügge”, “Verona”, “Fiorentina”, “Mançester Yunayted”, “Betis” kimi klubların da şərəfini qoruyub.
Sofyan Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 78 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. O, komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında, eləcə də DÇ-2026-da iştirak edib.
“Transfermarkt” internet-portalı 30 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


