Futbol üzrə Fransa milli komandasının keçmiş hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə klubu rəsmi açıqlama yayıb.
Tərəflər mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.
İspaniyanın AS nəşrinin məlumatına görə, Benzemaya artıq bir neçə klubdan təklif gəlib və 38 yaşlı futbolçu peşəkar karyerasını başa vurmaq niyyətində deyil.
Xatırladaq ki, Benzema bu ilin fevral ayında “Əl-Hilal”a keçmişdi. O, ötən mövsüm bu komandanın heyətində Səudiyyə Ərəbistanı Kral Kubokunun qalibi olub.
Fransalı forvard bundan əvvəl 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edib. O, sözügedən klubla 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionu və ölkə kubokunun qalibi olub.
Kərim Benzema Səudiyyə Ərəbistanına yollanana qədər İspaniyanın “Real” (Madrid) və Fransanın “Olimpik” (Lion) klublarında çıxış edib. Madrid təmsilçisinin heyətində 5 dəfə UEFA Çempionlar Liqasını və Klublararası Dünya Kubokunu, 4 dəfə İspaniya çempionatını, İspaniya Super Kubokunu və UEFA Super Kubokunu, 3 dəfə isə İspaniya Kubokunu qazanıb.
Hücumçu Lion “Olimpik”i ilə də 4 dəfə Fransa çempionu, 2 dəfə ölkə super kubokunun, 1 dəfə Fransa Kubokunun qalibi olub.
Kərim Benzema 2022-ci ildə “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatına layiq görülüb.
O, “Real”ın heyətində 648 oyuna çıxaraq 354 qol vurub və klubun tarixinin ən məhsuldar futbolçuları siyahısında ikinci pillədə qərarlaşıb.


