Almaniya millisinin və İngiltərənin “Nyukasl” klubunun hücumçusu Nik Voltemade karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Arena.az xəbər verir ki, “Yuventus” 24 yaşlı alman futbolçunun transferini rəsmən açıqlayıb.
Voltemade Turin klubunda 2026/2027-ci illər mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək. İcarə müqaviləsində futbolçunun gələn yay birdəfəlik transferi ilə bağlı satınalma və ya məcburi transfer şərti nəzərdə tutulmayıb. “Yuventus” Nikin bir mövsümlük icarəsi üçün “Nyukas”la 3,6 milyon avro ödəyib.
Xatırladaq ki, Nik Voltemade 2025-ci ilin yayında “Ştutqart”dan “Nyukasl”a 75 milyon avro qarşılığında keçib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Voltemadenin “Nyukasl”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Nik Voltemade Almaniyanın “Verder” klubunun yetirməsidir. O, Bremen təmsilçisində çıxış edərkən “Elversberq”ə icarəyə də verilib. 2024-cü ilin yayında isə Voltemade azad agent kimi “Ştutqart”a keçib.
Almaniyanın U-16, U-17, U-20 və U-21 yığmalarında da oynamış Voltemade 2025-ci ildə ölkəsinin əsas millisində də debüt edib. O, millidə meydana çıxdığı 12 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


