İngiltərənin “Çelsi” klubunun qapıçısı Robert Sançes bundan sonrakı karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Arena.az xəbər verir ki, London klubu transfer pəncərəsinin son günündə bir neçə futbolçu ilə bağlı qərar qəbul edib.
Onlardan biri ötən mövsüm komandanın əsas qapıçısı olan Sançesdir. 28 yaşlı ispaniyalı “Komo”ya bir mövsümlük icarəyə verilib.
Bununla yanaşı, “Çelsi”nin daha iki futbolçusu da icarəyə göndərilib. Yarımmüdafiəçi Dario Essuqo 2026/2027-ci illər mövsümünün sonuna qədər Fransanın “Strasburq” klubunda, yamaykalı hücumçu Dujon Riçards isə “Uimbldon”da çıxış edəcək.
Robert Sançes ötən mövsüm “Çelsi”nin qapısını qoruyaraq bütün turnirlərdə 50 oyunda meydana çıxıb. O, həmin qarşılaşmaların 15-də qapısını toxunulmaz saxlayıb.
İspaniyalı qolkiper indi Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo”nun layihəsinə qoşulacaq. Sançesin “Çelsi” ilə uzunmüddətli müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı 28 yaşlı qapıçının hazırkı bazar dəyərini 22 milyon avro qiymətləndirir.


