Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Elçe” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə 4 futbolçu cəlb edib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi Madrid “Atletiko”sunun yarımmüdafiəçisi, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olmuş Tomas Lemarın icarəyə götürüldüyünü açıqlayıb.
Bundan əlavə, sözügedən klub üç müdafiəçi ilə müqavilə imzalayıb. Elita təmsilçisi “Espanyol”dan Ruben Sançesi, İsrailin “Makkabi” (Təl-Əviv) kollektivindən Roy Revivonu və Argentinanın “İndependyente” komandasından Kevin Lomonakonu transfer edib.
Xatırladaq ki, “Elçe” ötən mövsüm İspaniya çempionatını 15-ci pillədə başa vurub. La Liqanın cari mövsümündə isə komanda 3 turdan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlində 19-cu sırada qərarlaşıb.


