Futbol üzrə İtaliya A Seriyasında 2026/2027-ci illər mövsümünə uğurlu start vermiş “Roma” üç futbolçusunu icarəyə göndərib.
Arena.az xəbər verir ki, paytaxt klubu mərkəz müdafiəçisi Yan Jolkovskini “Montsa”ya, mərkəz yarımmüdafiəçisi Neyl Əl-Aynauini “Leypsiq”ə, mərkəz hücumçusu Robinyo Vazı isə “Hall Siti”yə icarəyə verib.
Hər üç futbolçunun icarə müqaviləsində satınalma opsiyası da mövcuddur. “Montsa” bir mövsümlük icarə üçün 500 min, “Hall Siti” 2 milyon, “Leypsiq” isə 4 milyon avro ödəyib.
Neyl Əl-Aynau “Roma”ya 2025-ci ilin yayında Fransanın “Lans” klubundan 23,5 milyon avro qarşılığında keçib. 25 yaşlı yarımmüdafiəçinin paytaxt klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var. O, bu komandanın heyətində 35 oyuna çıxıb, 2 qol və 2 assist müəllifi olub.
Neyl Əl-Aynaui Fransanın “Nansi” klubunun yetirməsi olsa da, daha çox “Lans”dakı çıxışı ilə tanınıb.
Əl-Aynaui 2025-ci ildə debüt etdiyi Mərakeş yığmasında 22 oyuna çıxıb, 2 qola imza atıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Robinyo Vaz isə İtaliya klubuna bu ilin yanvarında Fransanın “Olimpik” (Marsel) komandasından 22 milyon avro müqabilində keçib. Bu komandada 14 oyuna 1 qol və 2 assist müəllifi olmuş Vazın “canavarlar”la 2030-cu ilin 30 iyununadək müqaviləsi var.
Robinyo Vaz Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2024-cü ilin avqust ayında cəmi 200 min avro müqabilində Marsel “Olimpik”inə keçib. Fransalı mərkəz hücumçusu ölkəsinin U-16, U-17, U-18 yığmalarında oynayıb, hazırda isə U-20-yə dəvət alır.
“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
Polşanın “Legiya” klubunun yetirməsi olan Yan Jolkovski isə “Roma”ya 2025-ci ilin avqustunda 6,6 milyon avro milyon qarşılığında keçib. 21 yaşlı polşalı futbolçunun paytaxt klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var. O, “canavarlar”ın heyətində 23 oyuna çıxıb, hətta 1 qol da vurub.
2025-ci ildə Polşa yığmasında debüt etmiş mərkəz müdafiəçisi 3 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


