İspaniyanın “Real” (Madrid) klubunun mərkəz müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.
Arena.az xəbər verir ki, hadisə ötən ilin avqustunda Qran-Kanariya adasında baş verib.
Futbolçu avtomobil idarə edərkən saxlanılıb və keçirilən test zamanı qanında icazə verilən həddən artıq spirt aşkarlanıb.
23 yaşlı müdafiəçi 14,4 min avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bundan başqa, yaxın günlərdə Asensionun və “Real”ın gənclər komandasının daha üç sabiq futbolçusunun iştirakı ilə bağlı məhkəmə dinləməsi keçiriləcək. Onlar iki qadının razılığı olmadan seksual xarakterli videoların yayılmasında ittiham olunurlar.
Raul Asensio “Real”ın yetirməsidir və əsas komandada 2024-cü ildən çıxış edir. O, Madrid klubunun heyətində 2024-cü ildə Qitələrarası Kubokun qalibi olub.


