Anderson Taliska və Dieqo Karlos “Fənərbağça”nı tərk etdilər

Türkiyənin “Fənərbağça” klubu iki braziliyalı futbolçusu – Anderson Taliska və Dieqo Karlos ilə yollarını ayırmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Taliskanın uzunmüddətli müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Hücumameyilli yarımmüdafiəçi azad agentə çevrilib və özünə yeni iş yeri axtarmalı olacaq.

Taliska “Fənərbağça”ya 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan keçmişdi. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində 75 oyuna çıxıb, 44 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Anderson Taliska Braziliyanın “Bahia” klubunun yetirməsidir. Karyerası ərzində “Benfika”, “Quançjou”, “Əl-Nəsr” kimi klubların da formasını geyinmiş braziliyalı hücumameyilli yarımmüdafiəçi vaxtilə Türkiyədə “Beşiktaş”ın da uğurları üçün çalışıb. O, İstanbul təmsilçisinin heyətində 80 oyuna çıxıb, 37 qol vurub, 14 məhsuldar ötürmə verib. Braziliyanın U-20 və U-23 yığmalarında oynamış Taliskaya ölkəsinin əsas millisində debüt etmək qismət olmayıb. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi “Əl-Nəsr”də 104 oyuna 76 qol vurub, 10 assistlə yadda qalıb.

Dieqo Karlos isə İtaliyanın “Parma” klubuna icarəyə verilib. 33 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunadək A Seriyası təmsilçisinin uğurları üçün çalışacaq və gələn yay yenə Türkiyə klubunun düşərgəsinə qayıdacaq. Çünki müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Dieqo Karlos da “Fənər”ə 2025-ci ilin yanvarında İngiltərənin “Aston Villa” klubundan 10 milyon avro müqabilində keçib. Onun bu klubla 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Mərkəz müdafiəçisi İstanbul təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb.

Braziliyalı müdafiəçi peşəkar karyerasına “Desportivo Brasil”də başlayıb. “San Paulo”, “Paulista”, “Madureyra”, “Eştoril”, “Portu” “Nant”, “Sevilya” və “Aston Villa”da da çıxış etmiş Karlos Braziliyanın U-23 və Olimpiya yığmalarında oynadığı halda, əsas millidə debüt şansı qazanmayıb. O, ötən mövsümü İtaliyanın “Komo” komandasında icarədə keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: