Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin “Ərzurumspor” komandasının “Konyaspor”la matçında şans qazanmayıb.
Arena.az xəbər verir ki, Türkiyə Super Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyunları keçirilib.
“Ərzurumspor” bu turda “Konyaspor”u qəbul edib və 1:0 hesablı qələbəyə sevinib. Nəriman matçın sonunadək ehtiyatda qalıb.
İlk qələbəsini qazanmış “Ərzurumspor” 4 turdan sonra 4 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ərzurum təmsilçisi 4 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Ərzurumspor” Nərimanı ABŞ klubu “Kolumbus Kru”dan bir mövsümlük icarəyə götürüb. Axundzadə 2026/2027-ci illər mövsümünün sonuna kimi Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti də nəzərdə tutulub. 23 yaşlı futbolçu yeni klubunda 3 rəsmi oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə bu ilin fevral ayında Ağdam klubundan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


