Futbol üzrə Misir milli komandasının hücumçusu Məhəmməd Salah Türkiyənin “Trabzonspor” klubunda rekorda imza atıb.
Arena.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Təcrübəli futbolçu buna “Gənclərbirliyi”ni 5:0 hesabı ilə məğlub etdikləri Super Liqanın 4-cü turun oyununda fərqlənməklə nail olub.
O, Qara dəniz təmsilçisində Super Liqada start heyətində meydana çıxdığı ilk 3 oyunda 4 qol vurmuş ilk əcnəbi oyunçudur.
Xatırladaq ki, Salah yay transfer dönəmində İngiltərənin “Liverpul” klubundan azad agent kimi “Trabzonspor”a keçib. 34 yaşlı futbolçunun Trabzon klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, Super Liqa təmsilçisinin heyətində 6 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edirdi. O, İngiltərə klubunun heyətində müxtəlif turnirlərdə ümumilikdə 442 oyuna çıxıb, 257 qol vurub və 123 məhsuldar ötürmə edib.
Misirli hücumçu klubun tarixində ən məhsuldar futbolçuların siyahısında üçüncü pillədə qərarlaşıb. O, bu göstəricidə uelsli hücumçu Yan Raşdan (339 qol) və ingiltərəli forvard Rocer Hantdan (280 qol) geri qalır.
Salah “Liverpul”la İngiltərə çempionu, Çempionlar Liqasının, İngiltərə Kubokunun, İngiltərə Super Kubokunun, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. O, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.


