Kristian Tello 35 yaşında karyerasını başa vurdu

İspaniya millisinin və “Barselona”nın sabiq vingeri Kristian Tello 35 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə “Instagram” hesabında paylaşım edib:

“Bu gün həyatımın bir hissəsi ilə vidalaşmaq vaxtıdır. Bu qədər ildən, çoxsaylı matçlardan, soyunub-geyinmə otaqlarından, böyük sevinc və çətin anlardan sonra futbolçu karyeramı başa vurmaq vaxtıdır”, – deyə Tello yazıb.

Tello futbolun ona arzularını gerçəkləşdirmək və həyatında mühüm anlar yaşamaq imkanı verdiyini bildirib:

“Futbol mənə hər şeyi verdi. Bir vaxtlar mümkünsüz görünən arzularımı həyata keçirməyə, ömrüm boyu qəlbimdə saxlayacağım insanlarla tanış olmağa və yaddaşımda həmişə qalacaq anları yaşamağa imkan verdi”, – deyə futbolçu qeyd edib.

Kristian ailəsinə, komanda yoldaşlarına, məşqçilərinə və azarkeşlərə təşəkkür edib:

“Bu gün peşəkar futbolçu kimi yolum başa çatır, amma futbolun mənə öyrətdiyi hər şey ömür boyu mənimlə qalacaq. Təşəkkür edirəm, futbol”, – deyə Tello fikirlərini yekunlaşdırıb.

“Barselona” akademiyasının yetirməsi olan Tello karyerası ərzində “Betis”, “Portu”, “Fiorentina”, “Los Anceles”, “Əl-Fateh” və “Əl-Uruba” klublarında da çıxış edib. Onun son klubu 2025-ci ilin oktyabrından formasını geyindiyi BƏƏ təmsilçisi “Palm Siti” olub.

Kristian Tello peşəkar karyerası ərzində 512 rəsmi matçda iştirak edib və 91 qol vurub.

“Barselona” ilə İspaniya çempionu olmuş futbolçu “Betis”lə İspaniya Kubokunu, “Los Anceles”lə isə MLS Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: