Paris İnzibati Məhkəməsi futbol üzrə Fransa çempionu PSJ klubuna tətbiq olunmuş 2,7 milyon avroluq cəriməni qüvvədə saxlayıb.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, paytaxt klubuna əməkhaqqında gender bərabərliyi göstəricilərinə əməl etmədiyinə görə tətbiq edilmiş 2,7 milyon avroluq cəriməni qüvvədə saxlamağa qərar verib. Məhkəmənin qərarı Fransa paytaxtının məşhur klubunun cəriməyə qarşı etirazını təmin etməyib.
Pozuntular 2024-cü ildən əvvəlki dövrə aiddir. İnzibati məhkəmənin qərarı 2024-cü ilin martında İl-de-Frans əmək müfəttişliyi tərəfindən çıxarılan qərarı təsdiqləyib. Həmin qərara əsasən, PSJ 2022-ci ildəki gəlirinin 0,5 faizi həcmində cərimələnib.
Əmək müfəttişliyinin məlumatına görə, Paris klubu üç il ardıcıl olaraq gender bərabərliyi indeksi üzrə qeyri-qənaətbəxş nəticə göstərib. Əsas problem isə klubda ən yüksək maaş alan 10 əməkdaşla bağlı göstəricidə qeydə alınıb.


