“Sabah” ÇL-də tarixi ilkə imza atdı

Azərbaycan çempionu “Sabah” ötən gün debüt etdiyi UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində maraqlı göstəriciyə imza atıb.

Arena.az “Onefootball” nəşrinə istinadən xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirdiyi Liqa mərhələsinin 1-ci turunun oyununda gerçəkləşib.

Belə ki, Azərbaycan çempionunun heyətində meydana çıxmış 11 futbolçunun hamısı fərqli ölkələri təmsil edib. Bu da qitənin ən nüfuzlu klub turnirinin tarixində bir ilkdir.

Xatırladaq ki, Mançesterdəki “Old Trafford” stadionunda baş tutmuş bu görüş İngiltərə nəhənginin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeri gəlmişkən, Azərbaycan UEFA reytinqində həftəni 25-ci pillədə başa vurub. Bu, “Sabah”ın “Mançester Yunayted”ə uduzması nəticəsində reallaşıb.

Hazırda Azərbaycanın aktivində 23,687 əmsal var. İsrail (23.875) 24-cü, Sloveniya (22.843) 26-cıdır.

UEFA reytinqinə İngiltərə (103,130) başçılıq edir. İtaliya (88,303) ikinci, İspaniya (83,243) üçüncü, Almaniya (81,259) dördüncü, Fransa (68,724) isə beşincidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: