Mourinyo: “40 qol vuran hücumçu komanda üçün problem deyil”

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Kilian Mbappenin ünvanına səslənən tənqidlərə münasibət bildirib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AS nəşrinə müsahibəsində fransalı forvardı müdafiə edib və onun vəziyyətini daha əvvəl Vinisius Juniora göstərilən təzyiqlə müqayisə edib:

“Mən tənqid edənlərdən danışmıram. Vinisiusda olduğu kimi, eyni məsəli işlədirəm: “Bu, çox, çoxlu meyvəsi olan ağacdır”. 40 qol vuran futbolçu heç vaxt komanda üçün problem deyil.

Elə insanlar var ki, futbol haqqında danışırlar, amma onu dərindən bilmirlər. Elələri də var ki, futbolu başa düşürlər, lakin yaxşı olmayan məqamlar barədə danışmağı sevirlər. Mən komandanın son 10 dəqiqədə necə oynadığını gördüm. Müdafiənin solunda Kukurelya artıq tükənmişdi, Kilian da eyni vəziyyətdə idi. Məşqçi kimi futbolçuların belə münasibətini inanılmaz dərəcədə yüksək qiymətləndirirəm. Mənim üçün belə yanaşma sevinc mənbəyidir”, – deyə Mourinyo bildirib.

Madrid klubunun baş məşqçisi tənqidçilərin komandanın yaratdığı qol imkanlarını nəzərə almadan yalnız mənfi məqamlara diqqət yetirməsinə də təəccübləndiyini söyləyib:

“Elə insanlar var ki, mənim qədər futbolu bilirlər və Mbappenin etdiklərini də görüblər, amma bunlardan danışmırlar. Deyirlər ki, biz pis müdafiə olunurduq, üç və ya dörd qol buraxa bilərdik. Amma səkkiz qol vura biləcəyimizi də demirlər.

Bəzən çox darıxdırıcı oyunlar olur və bəlkə də bizim də belə bir neçə oyunumuz olacaq. Çempionlar Liqasında elə matçlar var ki, komandalar bir-birindən çəkinir, risk etmirlər və azarkeşlər xoşagəlməz hisslərlə evə qayıdırlar.

Biz dörd qol buraxa bilərdik – bəli, amma səkkiz qol da vura bilərdik. Mənim qədər futbolu anlayan və bunu deməyən insanlar var. Niyə? Qələbəmizdən narazıdırlar?

Biz birik. “Betis”lə oyunda xal itirdik, amma fədakarlığımız dəyişməyəcək. İnsanları xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Mourinyo fikirlərini yekunlaşdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: