Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Türkiyənin “Vanspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümünün 7-ci turu çərçivəsində səfərdə “Keçiörengücü” ilə qarşılaşıb.
Kökçü 1:1 hesabıyla başa çatmış bu görüşün 68-ci dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb. Komandasının 84-cü dəqiqədə vurduğu cavab qolunun məhsuldar ötürməsini də Ozan verib.
7 turdan sonra 6 xalı olan “Vanspor” 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 7 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Özan Can Kökçü “Vanspor”a bu yay Niderlandın “Volendam” klubundan keçib. O, Türkiyə klubunun heyətində 4 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


