Pedri “Barselona”da bunu bacaran ikinci futbolçu oldu

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri Kataloniya klubunun tarixində daha bir əlamətdar göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, gənc futbolçu UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində “Feyenord”a qarşı keçirdikləri matçda Kataloniya klubunun heyətində 250-ci oyununa çıxıb.

Bununla Pedri “Barselona” tarixində bu göstəriciyə ən gənc yaşda çatan ikinci futbolçu olub.

Bu siyahıya klubun əfsanəsi Lionel Messi başçılıq edir. Argentinalı ulduz da “Barselona”nın heyətində 250-ci oyununa daha erkən yaşda çıxaraq bu rekordu uzun müddət qoruyub.

Pedri futbola “Teqeste” klubunda qədəm qoyub, buradan “Xuventud Laquna”ya keçib. Ardınca “Las Palmas”a yol tapmış futbolçu məhz burada təkmilləşib. İspan yarımmüdafiəçi “Barselona”ya elə, “Las Palmas”dan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Yarımmüdafiəçinin “blauqrana” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Pedri “Barselona”nın heyətində 5 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Barselona” karyerası ümumilikdə 250 oyun, 29 qol və 35 məhsuldar ötürmədən ibarətdir.

Pedri 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 49 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Pedrinin qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025, 2205/2026), İspaniya Kral Kuboku (2020/2021, 2024/2025), İspaniya Super Kuboku (2022/2023, 2024/2025, 2025/2026) var. O, həmçinin İspaniya yığması ilə 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə dünya çempionatının qalibi olub, eləcə də 2020-ci il Yay Olimpiya Oyunlarının futbol yarışında gümüş medal qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: