Erlinq Haland – Mançester derbisinin ən məhsuldar futbolçusu!

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Mançester Yunayted”ə qol vuraraq Mançester derbisi tarixinin ən yaxşı bombardiri olub.

Arena.az xəbər verir ki, norveçli hücumçu İngiltərə çempionatının 4-cü turunda keçirilən və 1:0 hesabıyla qalib gəldikləri səfər oyununda 60-cı dəqiqədə fərqlənib.

Bu qol Halandın “Mançester Siti”nin heyətində “Mançester Yunayted”ə qarşı derbilərdə 9-cu qolu olub. Bununla da o, hərəyə 8 qol vurmuş Ueyn Runi və Serxio Aqueronun göstəricisini geridə qoyub. Erik Kantona və Fil Foden isə derbilərdə 7 qola imza atıblar.

Xatırladaq ki, Halandın vurduğu qol əvvəlcə ofsayd səbəbilə qeydə alınmayıb. Lakin VAR müdaxiləsindən sonra hakimlər qərarı dəyişərək qolu hesaba alıblar. “Mançester Siti” isə 23-cü dəqiqədən Fil Fodenin qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıb.

Erlinq Haland matçdan sonra fikirlərini bölüşüb. O, komandasının qələbəsinə belə şərh verib:

“Kiminsə topa yolda cüzi toxunuş edə biləcəyini düşündüm. Lakin toxunuşun olmadığını anlayanda hakimlərin mənim ofsaydda olduğumu düşündüyünü başa düşdüm. Halbuki adətən belə vəziyyətlərə düşmürəm.

Futbolda qalib gəlmək həmişə xoşdur. Amma “Old Trafford”da 60 dəqiqə 10 nəfərlə oynadıqdan sonra bunu etmək tamam başqa hissdir. Xüsusilə oyunun sonunda tribunalar səni dəstəkləməyə başlayanda emosiyalar sözün əsl mənasında aşıb-daşır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: