Futbol üzrə Xorvatiya millisinin də üzvü olan Marselo Brozoviç bundan sonra karyerasını Qətərin “Əl-Sədd” klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, 33 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə müqavilə imzalandığı barədə klubun mətbuat xidməti məlumat yayıb.
Brozoviç yeni komandasına azad agent statusunda qoşulub. Onun “Əl-Sədd”lə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun son klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası olub.
Marselo Brozoviç daha öncə ölkəsində “Dinamo” (Zaqreb), “Lokomotiva” və “Hrvatski Draqovolyaç” klublarında da forma geyinib. Onun karyerasının böyük hissəsi “İnter”də keçib. Marselo 2015-2023-cü illərdə şərəfini qoruduğu bu komandanın heyətində 300-dən çox oyun keçirib, xeyli titul qazanıb. Ümumilikdə Brozoviçin 8 illik “İnter” karyerası belədir: 330 oyun, 31 qol, 43 məhsuldar ötürmə. Yarımmüdafiəçi Milan klubu ilə 5 kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku, 2 İtaliya Super Kuboku.
Brozoviçin titulları arasında vaxtilə Zaqreb “Dinamo”su ilə 3 Xorvatiya çempionluğu və 1 Xorvatiya Super Kuboku da var.
Marselo 2014-cü ilin iyun ayında debüt etdiyi Xorvatiya yığma komandasında meydana çıxdığı 99 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, milli ilə dünya çempionatının gümüş (2018) və bürünc (2022) medalçısı olub, həmçinin AÇ-2024-də də iştirak edib.


