Marselo Qalyardo – Ekvador millisinin yeni baş məşqçisi!

Argentinalı futbol mütəxəssisi Marselo Qalyardo Ekvador milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

50 yaşlı çalışdırıcı ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Ekvador millisinin əvvəlki baş məşqçisi Sebastyan Bekkaçese iyulun 1-də vəzifəsindən ayrılıb. Argentinalı mütəxəssis komandanın DÇ-2026-da Meksikaya 0:2 hesabı ilə məğlub olaraq 1/16 finalda mübarizəni dayandırmasından sonra istefa verdiyini açıqlamışdı.

Marselo Qalyardo məşqçilik karyerasının böyük hissəsini Argentinanın “River Pleyt” klubunda keçirib. O, 2014–2022-ci illərdə, həmçinin 2024–2026-cı illərdə Buenos-Ayres təmsilçisinə rəhbərlik edib.

Onun rəhbərliyi altında “River Pleyt” bir dəfə Argentina çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb və iki dəfə Libertadores Kubokunda qalib gəlib.

Futbolçu kimi də “River Pleyt”də çıxış etmiş Qalyardo Fransa klubları “Monako” və PSJ-nin formasını geyinib. O, oyunçu karyerası ərzində Argentina çempionatında 6 dəfə, Fransa çempionatında isə 1 dəfə qalib olub. Bundan başqa, iki dəfə Fransa Liqa Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: