“Neftçi” Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçisi Elvin Camalov ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu təcrübəli futbolçuya ağ-qara formada göstərdiyi yüksək peşəkarlıq və əzmkarlığa görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Elvin Camalov 2025-ci ilin yanvarında “Sabah”dan “Neftçi”yə keçmişdi. Dayaq yarımmüdafiəçisi bu müddətdə sözügedən komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Maraqlıdır ki, “Neftçi” Elvinlə elə bu yay yeni müqavilə bağladığını açıqlamışdı. Ötən mövsüm bitəndən sonra tərəflər arasında 1+1 illik yeni müqavilə imzalanmışdı.
Camalov 2021-ci ilin yayından “Neftçi”yə keçənə qədər “Sabah”da çıxış edib. O, Daha öncə “Qəbələ” və “Zirə”də də oynayıb. Yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 21 oyun keçirib. Təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.


