Bu gün – sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Arena.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da mübarizə aparırlar.
Kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli təmsil edirlər. Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparırlar.
1-ci turda kişilərdən ibarət Azərbaycan millisi Mərakeş, qadınlardan ibarət yığmamız isə Qvatemala şahmatçıları ilə üz-üzə gəlib. İlk oyunda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət ediblər.
Azərbaycan milliləri Olimpiadaya qələbə ilə start veriblər. Kişilərdən ibarət komandamız Mərakeş seçməsinə 4:0 hesabıyla qalib gəlib. Yığma üzvlərinin hamısı – Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli və Rauf Məmmədov partiyalarını qələbə ilə başa vurublar.
Qadınlardan ibarət yığmamız da ilk turda Qvatemaladan güclü olub – 4:0. Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova partiyalarını qələbə ilə başa vurublar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.


