Tomas Rays – “Trabzonspor”un yeni baş məşqçisi!

Almaniyalı futbol mütəxəssisi Tomas Rays Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, Qaradəniz təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Artıq anlaşmanın maliyyə detalları da Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlanıb.

Bildirilib ki, “Trabzonspor” Tomas Raysın əvvəlki klubuna – Bolqarıstanın “Ludoqorets” komandasına müqavilənin pozulması üçün 900 min avro ödəyəcək.

Tomas Raysın Türkiyə klubunda illik maaşı isə ilk mövsüm üçün 1 milyon avro olacaq. Mütəxəssis 2027/2028-ci illər mövsümündə isə 1,2 milyon avro qazanacaq.

Klubun sosial media hesabında almaniyalı çalışdırıcının təyinatı “Xoş gəldin, Tomas Rays” sözləri ilə elan edilib. Yeni baş məşqçi üçün imza mərasiminin “Papara Park” stadionunda keçirilməsi nəzərdə tutulub.

51 yaşlı Tomas Rays daha əvvəl Türkiyədə “Samsunspor”a rəhbərlik edib. O, son olaraq Bolqarıstanın “Ludoqorets” klubunda çalışıb.

Almaniyalı mütəxəssis “Trabzonspor”un baş məşqçisi kimi ilk oyununa bu həftə çıxacaq. Komanda Super Liqanın 6-cı turunda sentyabrın 19-da doğma meydanda “Qalatasaray”ı qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: