Joan Qarsiya 3 həftəlik sıradan çıxdı

İspaniya çempionu “Barselona”nın qapıçısı Joan Qarsiya sağ dizindən zədə alıb və təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının 2026/2027-ci illər mövsümünün 6-cı turunda “Barselona” doğma meydanda “Rasinq”i 7:2 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxmış Joan Qarsiya fasilədə əvəzlənib. Qapıçı sağ dizində narahatlıq hiss edib. Onun əvəzində meydana təcrübəli qolkiper Voyçex Şesnı çıxıb və cari mövsümdə debüt edib.

İspaniya mətbuatının məlumatına görə, 25 yaşlı qolkiperin sağ dizinin meniskində zədə aşkarlanıb. Qarsiyanın təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, Qarsiya ötən mövsüm də eyni zədə səbəbindən 9 oyunu buraxmaq məcburiyyətində qalmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: