“Fənərbağça”nın təcrübəli qapıçısı Mert Günok 37 yaşında Türkiyə milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, qolkiper bu barədə sosial şəbəkə hesabında emosional vida mesajı paylaşıb.
Mert Günok milli komandada ilk oyununu 2012-ci il mayın 24-də keçirib. O, paylaşımında Türkiyə millisinin formasını geyinməyin özü üçün böyük qürur olduğunu vurğulayıb.
Qapıçı 2020-ci il Avropa çempionatının qrup mərhələsində yaxşı çıxış etdiyini, lakin pandemiya səbəbindən turnirin final mərhələsinin 2021-ci ilə təxirə salındığını xatırladıb. Günok həmin finallarda oynaya bilməməsinin onu məyus etdiyini, daha sonra isə ağır zədə aldığını qeyd edib.
Təcrübəli qolkiper 2024-cü ildə Türkiyə millisinin uğurlu çıxış etdiyi Avropa çempionatında iştirakını karyerasının ən xüsusi anlarından biri kimi dəyərləndirib. O, xüsusilə azarkeşlərin yaddaşında qalan seyvlərindən birini xatırladaraq, həmin anın ölkə insanlarını sevindirməsinin onun üçün hər şeydən qiymətli olduğunu bildirib.
Günok vida mesajında birlikdə oynadığı komanda yoldaşlarına, məşqçilərinə, milli komandanın bütün əməkdaşlarına və azarkeşlərə təşəkkür edib.
Xatırladaq ki, Mert Günok Türkiyə millisinin heyətində bütövlükdə 37 oyuna çıxıb, 37 qol buraxıb, 14 matçda qapısını toxunulmaz saxlayıb.
Mert 2026-cı ilin yanvarında “Beşiktaş”dan ayrılaraq yetirməsi olduğu “Fənərbağça”ya qayıdıb. İstanbul klubu təcrübəli qapıçı ilə 2,5 illik müqavilə bağlayıb. O, “Başakşəhər” və “Bursaspor”da da forma geyinib.



