U-15 dünya çempionatı: Millimiz Bakıda bu rəqiblərlə qarşılaşacaq

FIFA-nın yeni təşkil etdiyi U-15 dünya çempionatı (DÇ-2026) və festivalı bu il oktyabrın 24-də Azərbaycanda start götürəcək.

Arena.az xəbər verir ki, FIFA-nın yeni turniri dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını Azərbaycanda bir araya gətirərək, FIFA-nın bütün üzv assosiasiyalarına beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı verəcək.

İlk dəfə keçiriləcək bu turnir FIFA-nın beynəlxalq futbol təqvimində yeni bir ənənənin əsasını qoyacaq. Qızlar arasında ilk turnirin gələn il keçirilməsi planlaşdırılır. 2028-ci ildən etibarən isə həm qızlar, həm də oğlanlar arasında turnirlərin hər il keçirilməsi nəzərdə tutulur.

2025-ci ilin dekabrında FIFA Şurasının qəbul etdiyi qərara əsasən, yarış bütün FIFA üzv assosiasiyalarının iştirakına açıqdır.

Turnirdə futbolçuların inkişafını və oyun təcrübəsini maksimum dərəcədə artırmaq məqsədilə hər hissəsi 20 dəqiqə davam edən innovativ 8×8 formatından istifadə olunacaq. Futbolun dünyanı necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirən turnir çərçivəsində altı oyun günü ərzində Bakıda yerləşən Hövsan Yarış Kompleksində 1000-ə yaxın qarşılaşma keçiriləcək.
Açılış oyunu və 30 oktyabrda keçiriləcək final qarşılaşması isə Bakı Kristal Zalında baş tutacaq.

Artıq turnirin püşkü də atılıb və Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. Millimiz AF qrupunda yer alıb. Azərbaycan yığması Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.

U-15 dünya çempionatının əsas detalları

Meydan ölçüləri: 68 × 47 metr, tam ölçülü qapılarla (7,32 × 2,44 metr)

Heyət sayı: Hər komandada 14 oyunçu və altı nəfərədək texniki heyət

Oyunçuların yaş hədləri: 2011 və ya 2012-ci il təvəllüdlü oyunçular

Gözlənilən iştirakçı sayı: 3 000-dən çox gənc oyunçu, məşqçi və rəsmilər

Format: Komandalar ilk olaraq müxtəlif idman və regional təmsilçiliyi təmin edən qruplarda mübarizə aparacaqlar. Qrup mərhələsinin nəticələri ikinci, yəni turnir mərhələsində komandaların hansı səviyyədə mübarizə aparacağını müəyyənləşdirəcək.

Təsnifat mərhələsi: Dairəvi sistem üzrə 4-5 oyun.

Turnir mərhələsi: Nəticələrdən və əlavə göstəricilərdən asılı olaraq hər komanda üçün əlavə 4-5 oyun.

Reytinq: Balanslaşdırılmış qrupların formalaşdırılması və turnir boyunca uyğun rəqabət səviyyəsinin təmin edilməsi məqsədilə turnirdən əvvəl sadə reytinq sistemindən istifadə olunub. Reytinq FIFA üzv assosiasiyalarının əsas milli komandalarının performansını, həmçinin son dövrlərdə gənclər milli komandalarının iştirakını və nəticələrini nəzərə alır. Bu yanaşma həm üzv assosiasiyanın ümumi futbol gücünü, həm də onun gənclər futbolu sistemindəki fəallığını və rəqabət qabiliyyətini əks etdirir.

Turnirin ikinci mərhələsi təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilən altı performans səviyyəsindən ibarət olacaq. Bütün komandalar son oyun gününədək mübarizəni davam etdirəcək və bununla da hər bir iştirakçı üçün ardıcıl və mənalı rəqabət təcrübəsi təmin olunacaq.
Hər səviyyənin qalibi müəyyənləşdiriləcək. A səviyyəsində qalib gələn komanda isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan olunacaq.

FIFA oyunların rəqabət intensivliyi ilə oyunçu rifahı arasında balans yaratmaq məqsədilə əhatəli oyun cədvəli hazırlayıb. Turnirin keçiriləcəyi Hövsan Yarış Kompleksi bir neçə meydançada eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verəcək. Hər meydançada gündə 10-dək oyun nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan daha əvvəl 2027-ci il FIFA U-20 Dünya Çempionatına Özbəkistanla birgə ev sahibliyi etmək hüququ qazandığından, ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının ölkəmizdə keçirilməsi strateji davamlılığı təmin edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: