“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Burada oynamaq hər zaman çətindir. Havaya öyrəşmək üşün bir az vaxt lazım olur. Ona görə də birinci hissə oyunumuz istədiyimiz kimi getmirdi. Əsas odur ki, qələbə qazandıq. Emin Mahmudovu hər oyunun fasiləsində əvəzləməyimiz onun fiziki durumu ilə bağlı deyil. Oyunçulara istirahət vermək istəyirik. Bizim 6 futbolçumuz milli komandalara yollanır. Orada da öz oyunlarını göstərməlidirlər. Sentyabrın 24-də bazada toplanıb “Sabah”la oyuna hazırlaşacağıq. Rəqib ötən ilin çempionudur, hazırda yaxşı formadadır. Ciddi hazırlaşacağıq. Oktyabrın 2-də isə “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcəyilk. Bundan sonra “Sabah”la matçın həftəlik hazırlığına başlayacağıq. “Sabah”dan sonra “Qarabağ” və “Turan Tovuz”la oyunlarımız var. Əgər oyunun təxirə salınmasını istəsələr, müraciət edəcəklər. Biz belə məsələlərə loyal yanaşırıq. Ötən mövsüm də “Qarabağ”la matçın təxirə salınmasına razı olmuşduq. “Sabah”a dəstək olmağa hazırıq”.
“Qəbələ”nin məşqçisi Amil Ağacanov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Ağır məğlubiyyət oldu. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, sonda ağır məğlubiyyətlə üzləşdik.
Artur Mottanı birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da qapıda dayanacaq. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq”.


