Ramil Şeydayev 83, Kamran Əliyev 33 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın “Şoçi” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün Birinci Liqanın 2026/2027-ci illər mövsümünün 12-ci turu çərçivəsində SKA (Xabarovsk) ilə qarşılaşıb.

“Soçi” doğma meydanda baş tutmuş görüşdən xal itkisi ilə ayrılıb – 1:1. Ramil bu matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib.

Yeri gəlmişkən, SKA-da çıxış edən Azərbaycanın U-20 millisinin və “Sumqayıt”ın sabiq hücumçusu Kamran Əliyev də bu görüşdə forma şansı qazanıb. O, 57-ci dəqiqədə meydana buraxılıb.

“Soçi” 12 turdan sonra 23 xalla 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda bu oyunlarda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Ramil bu görüşlərdən 7-də iştirak edib.

Son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş Şeydayev “Soçi”yə bu yay azad agent kimi qoşulub. Tərəflər arasında bağlanmış sözləşmə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Ramil yeni komandasında 7 nömrəli forma ilə çıxış edir.

Ramil Şeydayev karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

30 yaşlı hücumçu Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: