Qurban Qurbanov: “Tamamilə yeni komanda qururuq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə Ağdam təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Kollektiv olaraq fasiləyə ehtiyacımız var. Qarşımızda yaxşı kollektiv var idi. Yaxşı təşkilatlanmış və bütün diqqətini müdafiəyə yönəltmiş rəqibə qarşı oynadıq. Təbii ki, müdafiədən hücuma daha sürətli keçmək və daha keyfiyyətli oynamaq istərdik. Lakin boşluqlar çox az idi və bundan tam şəkildə istifadə edə bilmədik. Belə oyunlarda daha keyfiyyətli futbol nümayiş etdirməliyik və biz də komandadan məhz bunu tələb edirik. Zaman keçdikcə futbolçular bir-biri ilə daha yaxşı anlaşmağa başlayacaqlar”.

Qurban Qurbanov klubun transfer siyasətindən və heyətlə bağlı problemlərdən də söhbət açıb:

“Hazırda transfer pəncərəsi bağlıdır. Lakin qış fasiləsində uyğun imkan yaranarsa və ehtiyac duyduğumuz mövqelərə futbolçular tapa bilsək, heyəti gücləndirməyə çalışacağıq. Çünki demək olar ki, tamamilə yeni komanda qururuq və dayanmaq fikrində deyilik.

Zədəlilərə gəlincə, Bəhlul Mustafazadə maksimum 10 gün ərzində sıraya qayıdacaq. O, nadir tipli zədə almışdı və əməliyyat keçirib. Bərpa prosesinin daha sürətli başa çatması ehtimalı var idi, amma təəssüf ki, proses uzandı. Bəhlul həm bizim, həm də milli komanda üçün çox vacib futbolçudur. Elvin Cəfərquliyev də zədəlidir. Məhz buna görə onlar milli komandaya qoşula bilmədilər. Digər tərəfdən, Toral Bayramov və Nəriman Axundzadə kimi futbolçular bu yay beynəlxalq səviyyədə çıxış etməyə başlayıblar. Həmçinin legioner limitinə dair yeni qaydalara uyğunlaşmaq üçün biz də müəyyən tədbirlər görürük. Yaxşı formada olan yerli futbolçuları tapmaq və onları matçlara tam hazırlamaq asan deyil. Gələcəkdə perspektivli yerli futbolçular ortaya çıxarsa, onların milli komandaya gedən yolunu açmaq üçün mütləq imkan yaradacağıq. Akademiyadan gələn xəbərləri izləyirəm. Gənclər komandalarında çox maraqlı və perspektivli futbolçular var. Sadəcə, onlara bir qədər vaxt lazımdır”.

Zaur Həşimov yenə uduzan komandasından razı qaldı

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Oyunun gedişatı bizim üçün ümumən yaxşı alındı. Penalti epizoduna qədər demək olar ki, “Qarabağ”a 100 faizli qol imkanı verməmişdik. Hücumda hansısa epizodu dəyərləndirib qol vuracağımıza ümid edirdik. Minimum bir xal arxasınca gəlmişdik. Futbolçularıma oyuna görə onlara təşəkkür etdim. Üç gün əvvəl “Sabah”a qarşı keçirdiyimiz matç da fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan narazı qalmadım, oyunumuz da pis alınmadı”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: