“Roma”nın baş məşqçisi Canpyero Qasperini İtaliya A Seriyasının 5-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Romada baş tutmuş qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Paytaxt təmsilçisi matçın gedişində 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Qasperini oyundan sonra bunları deyib:
“Qələbə şansları bərabər olan oyun alındı. İkinci hissənin əvvəlində vurulan qol “İnter”ə enerji verdi. Onlar əla komandadırlar, amma biz təslim olmadıq. Bu matç bizə məmnunluq və düzgün istiqamətdə irəlilədiyimizi dərk etmək imkanı verməlidir”.
Kristian Kivu: “Belə oyunlarda öyrənir və inkişaf edirik”
“İnter”in baş məşqçisi Kristian Kivu da “Roma” ilə heç-heçəni dəyərləndirib. O, komandasının inkişaf etməli olduğu məqamlara diqqət çəkib:
“Matçlara daha yaxşı hazırlaşmalı və rəqibi anlamalıyıq. Belə oyunlarda öyrənir və inkişaf edirik. Nəticə çıxarmalı, topsuz oyunumuzu yaxşılaşdırmalıyıq. Fasilədə komandaya dediklərimin isə mənimlə futbolçular arasında qalmasını istəyirəm”.


