Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 30-cu turu çərçivəsində “İnçeon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası 2 qolluq qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 32-ci dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 30 oyuna topladığı 40 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Krivotsyukun komandası 30 oyunda 10 qələbə qazanıb, 10 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 20-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 115 oyuna çıxıb, 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 47 matça çıxıb, 1 qola imza atıb.


