“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Premyer Liqanın 6-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Kandido matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, ölkənizdəki ən yaxşı stadionlardan biridir. Çox yaxşı atmosfer var idi. Amma oyunun gedişində kənardan kimsə hakim fitinə bənzəyən fit səsləndirirdi. Bu, komandam sürətli hücuma çıxanda oyunçuları çaşdırırdı. Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik. Ümid edirəm ki, məni düz başa düşdünüz. Hakimlərin verdiyi qərarlar haqda isə heç nə danışmaq istəmirəm. Komandam inkişafdadır, oyununu yaxşılaşdırır. Bu atmosferdə oynamaq asan deyil. Rəqib də çox təhlükəlidir. Onların sürətli oyunçuları var. Komandam həm müdafiə, həm də hücum planında yaxşı çıxış etdi. İlk hissədə boşluqlar tapdıq. Bunun nəticəsində qol da vurduq. İkinci hissədə isə komandam daha çox top saxladı. Həm bizim, həm də rəqibin qol şansları oldu. Nəticəyə görə məyusam. Qələbə qazana bilərdik. Bir neçə aydır Azərbaycandayam. Futbolun inkişafını istəyiriksə, bəzi şeylər fərqli olmalıdır.
Marko Yohansson cəmi iki gün bizimlə məşq etmişdi. Mənim üçün onu start heyətində buraxmaq qərarını vermək çətin idi. Çünki Xəyal Fərzullayev yaxşı performans göstərirdi. Düşündük və bu qərarı verdik. Biz hələ ki, yaxşı komanda qurmaq mərhələsindəyik. Yaxşı futbolçular gətirməyə çalışırıq. Oyunçuların hamısı tam hazır deyil. Buna görə də gənc futbolçuları meydana buraxırıq. Onların bacarığına şübhəm yoxdur. Hamısına şans verməyə çalışırıq. Bir məşqçi kimi onların inkişafı üçün səy göstərirəm”.
“Sabitlik yaratmağa çalışırıq” – Azər Məmmədov
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə heç-heçəyə belə şərh verib:
“Maraqlı oyun oldu. Fikrimcə, azarkeşlər oyundan ləzzət ala bildilər. Qələbə qazanmağa çalışırdıq. Amma bizim üçün 1 xal da önəmlidir. Oyuna rəng qatan azarkeşlərə təşəkkür edirəm. Vurduğumuz qol sayılmayandan sonra futbolçularda bir az psixoloji eniş yaşandı. Hesabda geriyə düşdükdən sonra geridönüş edə bildik. Son dəqiqədə qələbə qolunu vura bilərdik. Komandadan razıyam. Amma işləmək lazımdlır. Milli fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
Biz hər oyuna qələbə üçün çıxırıq. Həmişəki kimi yenidən qurulan komanda var. Yenidənqurma stabillik üçün çətindir. Çalışırıq ki, stabillik yaradaq. Fikrimcə, 7 xal bizim üçün yaxşı nəticədir. Komanda bu gün xarakter göstərdi. Son nöqtəni qoymaqda çətinliyimiz var. “Sabah”la matçdan başqa bütün oyunlarda qol vurmuşuq. Futbolçularda bir az təcrübə çatmır. Daha çox qol vura bilərdik”.


