Luis Qarsiya “Qızıl top”u tənqid etdi – Rafinyaya görə

“Sevilya”nın baş məşqçisi Luis Qarsiya “Barselona”nın vingeri Rafinyanın “Qızıl top”a namizədlər arassında yer almamasını tənqid edib.

Arena.az xəbər verir ki, Rafinya İspaniya çempionatının 7-ci turunda “Sevilya”ya qarşı oyunda (3:1) “Barselona”nın qələbəsini təmin edən üç qol vurub.

Bu, braziliyalı futbolçunun ardıcıl ikinci het-triki olub.

Luis Qarsiya matçdan sonra jurnalistlərə açıqlamasında həm Rafinyanı tərifləyib, həm də “Qızıl top”la bağlı tənqidi fikirlər səsləndirib:

“Rafinya hətta “Qızıl top”a namizəd deyil – burada hansı ədalətdən danışmaq olar? O, əsas oyunçudur və buna görə də mən bu mükafatlara inanmıram. O, meydanda hər şeyi edir. “Barselona” hazırda ən yüksək səviyyədədir. Amma mənim üçün “Sevilya” daha vacibdir. “Barsa”ya qarşı maksimum güc sərf etməli olduq”, – deyə Qarsiya bildirib.

Xatırladaq ki, 2026/2027-ci illər mövsümündə La Liqanın ilk 7 turundan sonra 21 xal toplayan “Barselona” bütün oyunlarda qələbə qazanaraq turnir cədvəlinə başçılıq edir. “Sevilya” isə 13 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: